ELM VƏ TƏHSİL


Bakı Tikiş Evi: Yeni məktəbli formaları avqustun 16-da satışa çıxarılacaq

Bakı, 12 avqust, AZƏRTAC

Yeni məktəbli formaları avqustun 16-da satışa çıxarılacaq. Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim forması nümunəsi müəyyənləşib. Bakı Tikiş Evində (BTE) isə ancaq iki rəngdə məktəbli forması tikilir.

Bu barədə AZƏRTAC-a BTE-nin Satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. O bildirib ki, yeni məktəbli geyimlərinin qiymətləri hələ təsdiq olunmayıb. Yeni formalarda köynəklər 100 faiz pambıqdan, şalvar və ətəklər isə yun parçadan tikildiyinə görə qiymətlərdə dəyişiklik olacaq. Satış qiymətləri isə avqustun 16-da elan olunacaq. Valideynlər BTE-nin satış mağazalarına yaxınlaşaraq məktəbli formalarının nümunələrindən əldə edə bilərlər.

Xatırladaq ki, Baş nazir Əli Əsədov martın 17-də “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb. Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub. Təhsilalanların geyim forması qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək, oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket, oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket. Məktəblərin sifarişi əsasında bu qərarda göstərilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir. Məktəblilərin geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunur və azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir. Qərara əsasən hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.