MƏDƏNİYYƏT
Bakı Turizm Peşə Məktəbinə 11 ixtisas üzrə 520 tələbə qəbul edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində də yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Neylüfər Kərimova çıxış edərək təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Bakı Turizm Peşə Məktəbi turizm sahəsində peşəkar kadr hazırlığına, xidmət keyfiyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verir.
Diqqətə çatdırılıb ki, ötən tədris ilində məktəbi 471 məzunu olub. Bu tələbələrin də əksəriyyəti istehsalat təcrübəsi zamanı işlə təmin olunub. Bu il təhsil müəssisəsinə 11 ixtisas üzrə 520 tələbə qəbul edilib. Qəbul olunanların 300 nəfəri ölkəmizin regionlarından olan şəxslər, 6 nəfəri Gürcüstan, 4 nəfəri Ukrayna və 3 nəfəri isə Rusiya vətəndaşıdır.
Direktor mövcud ixtisaslar üzrə hazırlığın təkmilləşdirilməsi və turizm sektorunun tələblərinə uyğun yeni ixtisasların yaradılmasının əhəmiyyətini vurğulayıb.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev məktəbin kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək ölkəmizin turizm sənayesinin inkişafında onların müvafiq töhfələrinin olmasını arzulayıb: “Artıq 6-cı ildir ki, Bakı Turizm Peşə Məktəbi Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərir. Bu məktəbi bitirən bizim məzunlarımız ölkəmizin turizm sənayesində, turizmə yaxın olan digər sahələrdə xidmət göstərirlər. Hər sahədə olduğu kimi, turizm sənayesinin inkişafında da bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsi böyük əhəmiyyət daşıyır. Bütün təhsil müəssisələrimizin əsas işi yüksəkixtisaslı və vətənpərvər kadrların yetişdirilməsidir”.
Qeyd edilib ki, əhəmiyyətli coğrafi mövqeyə, iqlimə, təbiətə, zəngin tarixə, mədəni irsə, mətbəx mədəniyyətinə sahib olan ölkəmizin turizm potensialını turistlərə layiqli səviyyədə təqdim etmək üçün yüksəkixtisaslı kadrlara ehtiyacı var: “Son illər ölkəmizdə turizm sənayesi sürətlə inkişaf edir. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizin turizm sənayesinin gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Hazırda bu Strateji Yol Xəritəsinin icrası istiqamətində işlər həyata keçirilir. Bununla belə hər il ölkəmizdə yeni-yeni hotellər, turizm mərkəzləri açılır. Həmin müəssisələrdə də yüksək peşəkarlığa sahib bizim məzunlarımız çalışır. Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbi turizm sənayesinin kadrlarla təminatında çox vacib rol oynayır. Turizm sahəsində bu təhsil ocaqlarını bitirənlərin potensialından geniş istifadə olunur. Ancaq bununla yanaşı, daha yüksək nailiyyətlər əldə etmək üçün tələbələrimizin üzərinə böyük məsuliyyət düşür”.
Sonda V. Əliyev ötən tədris ilinin məzunlarına diplomlar və bu il qəbul olunan bir neçə gəncə tələbə biletlərini təqdim edib.