MƏDƏNİYYƏT


Bakı V Beynəlxalq Teatr Konfransında müasir teatr prosesini əks etdirən maraqlı mühazirələr dinlənilib

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı V Beynəlxalq Teatr Konfransı noyabrın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında müasir teatr prosesini əks etdirən maraqlı mühazirələrin dinlənilməsi ilə işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, gün ərzində “Teatrın yeni fəlsəfəsi və XXI əsrdə tədris teatrı”, “Əsrin teatr fəlsəfəsi- İnsandır!”, “Mona Liza” ilə selfi”, “Mövcudluğun təzadı: Hindistan Xalq Teatrının XXI əsrdə xüsusiyyətləri”, “XXI əsrdə teatr fəlsəfəsi: Varlıq anlayışı və varlıq”, “Lepaj və Mnuşkina “mədəni istismar”da istismar olunur. Teatr və real həyat qarşı-qarşıya gəlir” və digər mövzularda məruzələr dinlənilib.

Əliqismət Lalayev, Məryəm Əlizadə (Azərbaycan), Lela Oçiaurini (Gürcüstan) və Emil Səlimovun (Fransa) moderatorluğu ilə keçirilən panellərdə Laşa Çxartişvili (Gürcüstan), Monika Bajonero Diaz (Meksika), Mişel Vais (Kanada), Leyla Səlimova (Rusiya), Aydın Talıbzadə, (Azərbaycan), Pravin Bhole (Hindistan), Galina Verbitskaya (Rusiya), Peter Goldfarb (ABŞ), Olga Buralyova (Belarus), Ravi Çaturvedi, Yogita Svami (Hindistan), Faramarz Gholamian (İran) və digər teatrşünaslar çıxış ediblər.

Müasir teatrın problemlərindən danışan məruzəçilər bu gün sənət ocaqlarını və tamaşaçıları düşündürən suallara cavab axtarıblar. Bildirilib ki, auditoriya sosial məhsul olmaqla yanaşı, həm də bütöv bir siyasətdir. Gələcəyin potensial auditoriyasının formalaşması bugünkü rəqəmsal dünyada artıq bir missiyadır və bu missiya teatrlar üçün son dərəcə xarakterik olan maliyyə böhranından daha vacibdir. Çıxışlarda teatrın vəzifəsi nədir? Biz teatrdan nə istəyirik? Bu nə kimi ehtiyacdır? və s. sualların cavablandırılmasına çalışılıb.

Bildirilib ki, rejissor pyesi tamaşaya hazırlayanda nəyi və niyə hazırladığını düşünməklə yanaşı, kim üçün hazırladığını da nəzərdən qaçırmamalıdır. Vurğulanıb ki, bu gün teatr yenidən küçələrə çıxmaq istəyir, kütləyə qarışmaq, tamaşaçı bolluğu ilə qarşılaşmaq istəyir.

Qeyd edək ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir.

Builki konfransa 40-dan çox ölkədən 110 xarici qonaq qatılıb. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.

Konfrans işinin noyabrın 6-da tamamlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.