MƏDƏNİYYƏT
Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin çıxışı maraqla qarşılanıb
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Azərbaycan Dövlət Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında “Xoşbəxt evliliyin qaydaları” adlı buraxılış-kurs tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyasının (BXA) buraxılış kursu tələblərinin iştirakı ilə nümayiş olunan səhnə əsəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.
Mədəniyyət Nazirliyi və BXA-nın birgə təşkilatçılığı ilə təqdim olunan səhnə əsərinin xoreoqrafı Xalq Artisti Yusif Qarayev, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.
Əməkdar İncəsənət Xadimi Sonaxanım İbrahimovanın layihə rəhbəri olduğu rəqs-tamaşada BXA-nın orta, orta ixtisas, bakalavriat və magistratura pillələrinin şagird və tələbələri çıxış ediblər.
Səhnə əsərinin maraqlı və zəngin dekorasiyası, iştirakçıların məharətli çıxışı tamaşanı daha baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, bundan öncə BXA-nın tələbələri Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Don Kixot” buraxılış-tamaşası ilə çıxış ediblər.
Sözügedən tamaşanın xoreoqrafı, Əməkdar Müəllim Pellumb Aqalıyey, dirijoru Əməkdar Artist Əyyub Quliyevdir.