ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasında Həzi Aslanovun 110 illik yubileyi ilə bağlı silsilə tədbirlər yekunlaşıb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində silsilə tədbirlər keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirlər sırasında şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədilə “Ordu əfsanəsi Həzi Aslanov” mövzusunda 9-11-ci sinif şagirdlərinin iştirakı ilə toplantı-diskussiya, şagirdlərdə vətənpərvərlik dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə “Sevimli qəhrəmanım” mövzusunda 5-11-ci siniflərdə inşa, esse, ifadə və imla yazı işləri, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə 10-11-ci siniflər arasında hərbi idman oyunları keçirilib.
Tədbirlərə 6-7-ci sinif şagirdlərinin ifasında “Həzi Aslanov xatirələr işığında” mövzusunda ədəbi-bədii kompozisiya ilə yekun vurulub. Kompozisiyada Həzi Aslanovun həyat yolu və qəhrəmanlığı şeir, foto, videogörüntülər və rəqslə canlandırılıb. İfa olunan “Durnalar” və “Göy yaylıq” rəqslərinin xoreoqrafiyasında qəhrəman haqqında xatirələr öz əksini tapıb.