ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” çərçivəsində ilk tədbir
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” çərçivəsində ilk tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsi tələbələri faciənin 28-ci ildönümünə həsr olunmuş “Əsir Xocalım” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələr 28 il öncə Qarabağın dilbər guşəsi Xocalıda törədilmiş qanlı hadisələr haqqında təfərrüatı ilə danışıb, şeirlər səsləndiriblər. Tədbirdə, həmçinin faciə ilə bağlı foto və videomateriallar nümayiş etdirilib.
Mərasimdə akademiyanın müəllimi, Əməkdar artist Tamilla Əliyevanın görkəmli xanəndə Alim Qasımovun “İlahi” mahnısına quruluş verdiyi rəqs ifa olunub, Muğam Televiziya Müsabiqəsinin laureatı Xəyalə Qafarlının ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun dosenti Natiq Məmmədzadə soyqırımla bağlı elmi-tədqiqat işlərindən, tarixi həqiqətlərdən danışıb. Xocalı sakinləri isə ağrılı-acılı xatirələrini bölüşüblər.