MƏDƏNİYYƏT
Bakı Xoreoqrafiya Akademiyasında elmi-praktik seminar keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Üzeyir Hacıbəyli və onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi-praktik aspektdən yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib.
Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, seminarda Bakı Musiqi Akademiyasının (BMA) prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın professor-müəllim heyəti, tələbə və qonaqlar iştirak ediblər.
Tədbirdə BXA-nın prorektoru, professor Sonaxanım İbrahimova çıxış edərək professional musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından və milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən danışıb. G.Abdullazadə dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi, təkrarsız yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Seminarda Xalq artisti Ramiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov, dosent Nuridə İsmayılzadə və BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli çıxış ediblər.
Tədbir Xalq artisti Ramiz Quliyevin dahi bəstəkarın yaradıcılığından seçilmiş nümunələrin ifası ilə yekunlaşıb.