ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsi
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Xalq çalğı alətləri ifaçılığı kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev BXA-nın tələbələrinə “Azərbaycan xalq rəqslərində musiqi və xoreoqrafik tərtibatın xarakterik xüsusiyyətləri” mövzusunda ustad dərsi keçib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, ustad dərsində Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədov Azərbaycan rəqs sənəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, rəqs sənətinin ən qədim formaları insanların zəhmət prosesi ilə əlaqədar olaraq yaradılıb. Özündə qədim irs və ənənələrimizi daşıyan rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutmaqla yanaşı, eyni zamanda, qədim tarixi daşıyır. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
A.Əliyev instrumental alətlərlə “Nəlbəki”, “Turacı”, “Tello”, “Vağzalı”, “Gül dəstəsi”, “Tərəkəmə”, “Azərbaycan”, “Şuşa”, “Əsgərani”, “Qazağı” rəqsi, Tofiq Quliyevin bəstəsi olan “İncəlik” rəqsi, Cahangir Cahangirovun bəstəsi olan “Qəhrəmanlıq” rəqslərini və digər gözəl milli rəqs nümunələrini ifa edib.