ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasının buraxılış-hesabat konserti keçirilib VİDEO
Bakı, 22 iyun, Maqsud Dadaşov, AZƏRTAC
İyunun 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) buraxılış-hesabat konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə BXA-nın orta ixtisas təhsil pilləsinin məzunları, tələbələri və ümumi orta təhsil pilləsinin şagirdləri iştirak ediblər.
Tədbirdə Azərbaycan milli rəqsləri, dünya və klassik rəqs nümunələri nümayiş olunub. Konsert nömrələrinin quruluşunda və hazırlanmasında BXA-nın aparıcı müəllimləri Lyudmila Həsənova, Fərid İbrahimov, Kamilla Əliyeva, Xalq Artisti Yusif Qasımov, əməkdar artistlər Tamilla Məmmədova, Pellumb Agalliyay, Rimma İskəndərova və başqaları iştirak ediblər.
Konsertdə “Şelkunçik”, “Çinzanoda gül festivalı”, “Taras Bulba”, “Don Kixot”, “Korsar”, “Paxita”, “Sonalar gölü”, “La Fille mal gardée” baletlərindən rəqslər ifa olunub. Azərbaycan xalq rəqsləri ilə yanaşı, rus, Ukrayna, özbək, İran, yunan rəqsləri də tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanılıb.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılıb. Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir.
Bakı Xoreoqrafiya Akademiyasında baletmeyster sənəti, balet pedaqogikası, balet artisti, balet tarixi və digər ixtisas və ixtisaslaşmalar üzrə tədris aparılır.