ELM VƏ TƏHSİL
“Bakı Yay Neft Məktəbi” layihəsi başa çatıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan “Bakı Yay Neft Məktəbi”ni uğurla başa vuran səkkiz iştirakçı, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərindən olan 6 mütəxəssis sertifikatlarla mükafatlandırılıblar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, sertifikatları SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və BANM-in rektoru Elmar Qasımov iştirakçılara təqdim ediblər.
X.Məmmədov iştirakçıları layihəni uğurla başa vurmaları münasibətilə təbrik edib. O, bu layihənin ikinci dəfə BANM-də həyata keçirildiyini xüsusi vurğulayıb. O, alman tələbələrin bu layihədə iştirakının onların BANM-lə, ümumiyyətlə, Azərbaycan ilə yaxından tanışlığına imkan verdiyini bildirib.
E.Qasımov BANM-də bu layihənin reallaşmasından, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərindən olan altı mütəxəssisin bu layihədə iştirakından məmnunluğunu ifadə edib. Rektor layihə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı yay məktəbinin iştirakçıları SOCAR-ın yeni binası ilə tanış olublar.
Qeyd edək ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə doğru” proqramının çərçivəsində Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Yay Neft Məktəbi”ndə Almaniyanın müxtəlif universitetlərindən səkkiz mütəxəssis iştirak edib. BANM-də keçirilən layihə çərçivəsində tələbələrə müxtəlif mövzularda dərslər keçirilib. İştirakçılar Şəkiyə səfər edib, Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olublar, Heydər Əliyev məscidini ziyarət ediblər. Proqram çərçivəsində tələbələr Azərbaycanın neft tarixi barədə daha geniş məlumat almaq üçün Səngəçal neft terminalı, palçıq vulkanları, tarixi neft quyuları və neft muzeyinə səfər ediblər.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin yay məktəbi keçirmək üçün təklif etdiyi layihə Alman Akademik Mübadilə Xidmətinin “Şərqə doğru” proqramı çərçivəsində maliyyələşdirilmək üçün qəbul olunub. Layihə rəhbəri BANM-in keyfiyyətin təminatı şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.