MƏDƏNİYYƏT


Bakı Zooloji Parkının yenidənqurmadan sonra ilk ziyarətçiləri uşaqlar olub VİDEO

Bakı, 9 oktyabr, AZƏRRAC

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.

AZƏRTAC xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan uşaqlar olub.

Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə burada görülmüş işlərlə bağlı məlumat verib.

Bildirib ki, parkda təmir işləri 2017-ci ildə başlayıb. Ərazi 2,005 hektardan 4,025 hektara qədər genişləndirilib. Burada 300 kvadratmetr sahədə yaşıllıq salınıb. Qeyd edib ki, parkın kolleksiyasında 125 növ heyvan var ki, onlardan 22-si Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş növlərdir.

Bildirib ki, əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq inşa edilib və sahəsi kifayət qədər genişləndirilib. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var.

Zooloji Parka yeni yanaşma üsulu tətbiq olunacağını söyləyən Nəzakət İsayeva deyib: “Yaxın zamanlarda ərazidə reintroduksiya işləri aparılacaq, Azərbaycanın “Qırmızı kitabı”na düşmüş, nəsli kəsilməkdə olan heyvanların təbiətdə populyasiyası artırılacaq. Bunun üçün həmin növlər parkda çoxaldıldıqdan sonra yenidən təbiətə buraxılacaq. Bundan əlavə, biologiya fakültəsində oxuyan tələbələr burada heyvanların növdaxili münasibətlərini tədqiq etmək şansı əldə edəcəklər. Balaca uşaqlar üçün isə xüsusi lektoriya otaqları tikilərək istifadəyə verilib. Parkda klinika da fəaliyyət göstərəcək. Xəstə heyvanlar burada karantinə alınaraq sağaldılacaq və sonradan öz ərazilərinə buraxılacaq”.

İlk olaraq uşaqlar zooparkdakı vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını maraqla izləyiblər. Uşaqlara kiçik yaşlarından təbiətə sevgi hisslərini aşılamaq məqsədilə canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Uşaqlar sonradan müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və zooparkın digər sakinləri ilə tanış olub, onlarla oynayıb, maraqlı və əyləncəli vaxt keçiriblər.

Tədbirin sonunda uşaqlar üçün şənliklər təşkil edilib, xatirə fotoları çəkilib.

Qeyd edilib ki, burada kassalar hər gün səhər saat 10-dan axşam 17:30-dək açıq olacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

Xatırladaq ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.