CƏMİYYƏT
Bakı dəmir yolu xəstəxanasının həkimləri dəmiryolçuları müayinə edib
Bakı, 20 sentyabr, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" QSC-də keçirilən "Sağlamlıq günü" tədbirində Bakı dəmir yolu xəstəxanasının 8 həkimi dəmiryolçuları müayinə edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, gün ərzində 51 nəfər Bakı dəmir yolu xəstəxanasının həkimləri tərəfindən elektrokardioqrafik və laborator müayinədən keçirilib, 28 nəfərə xəstəxanada müalicə olunmaları tövsiyə olunub.
Tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasiyentlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyə olunur. Mütəmadi olaraq keçirilən "Sağlamlıq günü" tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.
Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası, eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.
Qeyd edək ki, "Sağlamlıq günü" tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur.