ELM VƏ TƏHSİL
Bakı məktəbində “Çin olan arzular” adlı muzey yaradılıb
Bakı, 21 iyun, AZƏRTAC
Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə “Yay məktəbi” çərçivəsində "Çin olan arzular" adlı zəfər tarixini əks etdirən muzeyin açılışı olub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək məqsədilə bu cür muzeylərin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə şagirdlərin ifasında “Zəfərə gedən yol” və “Vətən yaxşıdır” mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Həmçinin şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edək ki, “Yay məktəbi"ndə müvafiq fənlər üzrə nümunəvi dərslər, eyni zamanda, 26 və 322 nömrəli tam orta məktəblərin şagirdləri arasında intellektual bilik yarışı keçirilib. Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar məktəblilərin "Nağıllar aləminə səyahət”i, eləcə də idmançı şagirdlərin çıxışları da maraqla qarşılanıb.