ELM VƏ TƏHSİL
Bakı məktəbliləri “Əlaçı”nın seçim turunda iştirak ediblər
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, seçim turunda paytaxtın hər bir rayonundan 30 (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Bundan başqa, bilik yarışında könüllü kimi qeydiyyatdan keçən şagirdlər də iştirak ediblər. Bakıda keçirilən seçim turuna, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki liseylərin, Zəngilan, Şuşa, Laçın və Cəbrayılın təhsil ocaqlarının şagirdləri də daxil olmaqla, ümumilikdə 800-dək məktəbli qatılıb. Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual təqdim olunub.
Qeyd edək ki, paytaxtla yanaşı, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt, Quba və Şəkidə də bölgələr üzrə seçim turu təşkil olunub. Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər oktyabrın 5-dən 8-dək “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edəcəklər.