ELM VƏ TƏHSİL


Bakı məktəbliləri İspaniyada

Bakı, 18 iyul, AZƏRTAC 

Bakı məktəbliləri İspaniyanın Barselona şəhərində keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) forumunda ölkəmizi təmsil ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 257 nömrəli tam orta məktəbin şagirdi Ayxan İsmayılov, 191 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Əlili və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Urfan Rəhimzadə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının dəstəyi ilə foruma qatılıblar.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, forum Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən təşkil olunub.

Tədbirin məqsədi ENOC-a üzv seçilmiş 10 təsisatın, o cümlədən Azərbaycanın ombudsman təsisatının iştirak etdiyi “Danışın gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” layihəsinin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin müzakirəsindən ibarətdir.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü olan Bakı məktəbliləri tədbirdə təqdimatla çıxış edərək layihə çərçivəsində ölkədə həyata keçirilən işlər barədə danışıblar.

Həmçinin layihə çərçivəsində mental sağlamlığa dair ölkəmizdə həyata keçirilən fəaliyyət barədə müzakirələr aparılıb, bu istiqamətdə görüş keçirildiyi, mövzu ətrafında müzakirə və qrup işlərinin aparıldığı diqqətə çatdırılıb. Forumda uşaqların sağlamlıq hüququna, o cümlədən mental sağlamlığına dair Azərbaycan məktəblilərinin fikir və təklifləri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.