REGİONLAR
Bakı məktəbliləri Naxçıvanın təhsil və sənaye müəssisələri barədə ətraflı məlumat əldə ediblər
Naxçıvan, 26 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakı şəhərindən muxtar respublikaya gələn məktəblilər Naxçıvan şəhərində fəaliyyət göstərən təhsil və sənaye müəssisələri ilə tanış olublar.
Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanışlıq zamanı şagirdlərə universitet barədə ətraflı məlumat verib. Bildirilib ki, universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, baytarlıq klinikası, olimpiya idman mərkəzi, 2 stadion, müasir tipli tələbə evi yerləşir. Hazırda ali təhsil ocağının 10 fakültəsində 50-dən çox ixtisas üzrə 6 min nəfərə yaxın tələbə, o cümlədən xarici ölkələrindən olan tələbələr də təhsil alırlar. Bu ali məktəb 80-dən çox tanınmış dünya universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri üzrə ən irihəcmli layihədir. Universitet Azərbaycanda elektron sənəd dövriyyəsinə və elektron idarəetmə sisteminə malik yeganə ali təhsil ocağıdır.
Məktəblilərin “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlığı “Badamlı” zavodundan başlayıb. Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Məlumat verilib ki, zavodda Almaniya istehsalı olan müasir avadanlıqla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. “Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə uyğun qurulub. Bu baxımdan iqtisadi əlaqələr daha da genişləndirilib, cari ilin ötən dövründə istehsal edilən “Badamlı” mineral süfrə suyunun 27 faizi muxtar respublika ərazisində, 70 faizi Bakı şəhərində və müxtəlif regionlarda satışa çıxarılıb, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunub. Mineral suyun digər xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.
Naxçıvan Avtomobil Zavodunda olan tur-aksiya iştirakçılarına məlumat verilib ki, burada Almaniyadan, İtaliyadan və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7 “NAZ-Lifan” modelinin istehsalına başlanması planlaşdırılır. Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda zavodda 10 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq, zavod model sırasını genişləndirir.
Daha sonra Bakı məktəbliləri Biznes Mərkəzinə gedib, burada muxtar respublikadakı istehsal və xidmət müəssisələri tərəfindən istehsal olunan məhsulların sərgisinə baxıblar. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər 900-dən çox çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan Gəmiqaya Holdinq, Dizayn Holdinq, Araz Holdinq, Cahan Holdinq, Zümrüd Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada yer alır.
Xalq yaradıcılığı emalatxanası ilə tanışlıq zamanı qeyd edilib ki, bu gün muxtar respublikada milli sənət növlərinin yaşadılmasına və inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Naxçıvan şəhərində xalq yaradıcılığı emalatxanasının yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan növbəti addım olub. Hazırda emalatxanada xalçaçılıq, dekorativ-tətbiqi sənət, ağac üzərində oyma, dulusçuluq kimi xalq yaradıcılığı sahələri ilə məşğul olan sənətkarlar fəaliyyət göstərirlər.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu