ELM VƏ TƏHSİL
Bakı məktəbliləri Türkiyədə beynəlxalq turizm festivalında ölkəmizi təmsil ediblər
Bakı, 14 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyinin şagirdləri və “Səma” rəqs qrupunun üzvləri Türkiyənin Mersin şəhərində II “Qız Qalası” beynəlxalq turizm festivalında iştirak ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakı məktəblilərinin festivaldakı çıxışları böyük marağa səbəb olub. Belə ki, “Səma” rəqs qrupunun təqdim etdiyi xalq rəqsləri, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlər və mahnılar tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Tədbir çərçivəsində keçirilən görüşlər zamanı ölkəmizdə gedən inkişaf prosesi və Qarabağ həqiqətləri haqqında məlumat verilib, tarixi torpaqlarımızı, mədəniyyətimizi əks etdirən suvenirlər, eləcə də Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar hazırlanmış bukletlər təqdim olunub.
Səfər çərçivəsində məktəblilər Mersin şəhərinin Tarsus rayonunda Heydər Əliyev Parkını ziyarət ediblər.
“Zəkalar” liseyi ilə qardaşlaşan “Kampus Okulları” tədris müəssisəsində keçirilən görüşdə çıxış edən məktəblilərə hədiyyələr verilib. “Səma” rəqs ansamblının üzvləri Tarsus rayon bələdiyyəsində təşkil olunan görüşdə də çıxış ediblər. Festival iştirakçıları Vətənə dönməzdən əvvəl Mersin Böyükşəhər bələdiyyəsində də olublar. Məktəblilər burada festivalla bağlı təəssüratlarını bölüşüb, şeirlər söyləyiblər.
Festivalda Türkiyə, Litva, Şimali Kipr, Qırğızıstan, Gürcüstan və Tatarıstan məktəbliləri də iştirak ediblər.