İDMAN
Bakı məktəbliləri arasında velosiped idmanı üzrə birinciliyə yekun vurulub
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Formula-1” yarışlarına dəstək” aksiyası çərçivəsində Bakı məktəbliləri arasında velosiped idmanı üzrə birinciliyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final mərhələsi Ağ Şəhər Bulvarında təşkil edilən yarışda rayon birinciliklərində ilk 3 yeri tutmuş 36 komanda mübarizə aparıb.
Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nizami rayonu 251 nömrəli orta məktəbin komandası ən yaxşı vaxt göstəricisi ilə çempion olub. Xətai rayonu 29 nömrəli orta məktəbin komandası ikinci yeri tutub. İlk üçlüyü Səbail rayonu 132 nömrəli orta məktəbin velosipedçiləri tamamlayıblar.
Mükafata layiq yerlər tutan kollektivlər medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.