ELM VƏ TƏHSİL
Bakı məktəblilərinin ingilis dili bilikləri yoxlanılacaq
Bakı, 26 yanvar, AZƏRTAC
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında ikinci ingilis dili olimpiadası keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, olimpiada şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, habelə şagirdlərin müvafiq bilik və bacarıqlarını bir daha sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirmək məqsədi daşıyır.
Olimpiadanın fevralın 19-da keçiriləcək ilk turunda şagirdlərin ingilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama bacarıqları yoxlanılacaq. Yüksək nəticə göstərmiş şagirdlər olimpiadanın martın 12-də keçirilməsi nəzərdə tutulan ikinci turunda iştirak edəcək və onların dinləmə, esse yazma qabiliyyətləri yoxlanılacaq.
Olimpiadada iştirak etmək üçün məktəblilər fevralın 14-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər. Şagirdlərin qeydiyyatı prosesinə kömək göstərilməsi üçün ümumi təhsil müəssisələrində əlaqələndirici müəllimlər təyin edilib.
Qeyd edək ki, ikinci ingilis dili olimpiadası “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilir.