CƏMİYYƏT
Bakı məktəblisinin uğuru
Bakı, 8 iyun, AZƏRTAC
Başqırdıstanın Ufa şəhərində Ekologiya İli və xüsusi mühafizəsi olunan ərazilərə həsr edilən gənclərin “Rostok” I beynəlxalq elmi-praktik araşdırmaları konfransında Bakıdakı 132/134 nömrəli təhsil kompleksinin şagirdi Asif Məmmədov birinci yerə çıxıb. Məktəbin biologiya müəllimi Lalə Əliyevanın AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, ilk tur müxtəlif suallardan ibarət qiyabi yarışmadan ibarət olub və həmin mərhələyə 1500-dən çox iştirakçı qoşulub. İkinci mərhələyə onlardan yalnız 165-i vəsiqə qazanıb.
Asif Məmmədov deyir: ”Mən konfransa Azərbaycan Milli Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisi, biologiya elmləri namizədi Qriqori Palatnikovun rəhbərliyi ilə hazırlaşmışdım. Konfrans bölmələr üzrə keçirilirdi və hər bölməyə həmin sahə üzrə yüksək elmi dərəcəsi olan alimlər rəhbərlik edirdilər. Mən “Su ekoloqu” bölməsində su hövzələrinin ixtiofaunasına müxtəlif pestisidlərin az miqdarda konsentrasiyasının xroniki təsiri, eləcə də sazan balığının orqanizmindəki patomorfoloji və patofizioloji pozğunluqların insan beyninin strukturuna və neyronların inkişafı üçün təhlükəsi barədə apardığım araşdırma münsiflər tərəfindən yüksək dəyərləndirildi.
Sonrakı mərhələ fənlərarası müsabiqə idi və konfransın şərtinə əsasən burada iştirakçılardan biri ilə hansısa məsələ barədə ideya vermək lazım idi. Marsda məskunlaşmaya həsr etdiyimiz həmin ideyada onu həyat üçün yararlı etmək yolları barədə təkliflərim çox böyük maraqla qarşılandı və həmin müsabiqədə də birinci yerə çıxdım. Bundan başqa “'Ən yaxşı eksperimental tədqiqat”' nominasiyası üzrə Başqırdıstan Respublikası “Həyat təhlükəsizliyi” dövlət unitar müəssisəsinin Fəxri Fərmanına layiq görüldüm”.
Onunla birlikdə konfransda iştirak edən Lalə Əliyevanın verdiyi məlumata görə, Asif konfransda bir diplom və iki Fəxri Fərmanla təltif edilib. O, ölkəmizdə Fiziologiya İnstitutunun keçirdiyi “Sabahın alimləri" müsabiqəsindən də danışıb. Asif və məktəbin daha bir şagirdinin birlikdə hazırladığı “Autoummun proseslərin tarqet autoummun susdurulması” mövzusundakı elmi işi bu ilin fevralında üçüncü yeri tutub.
Asif yeni əsrin övladıdır-2000-ci ilin oktyabrında doğulub. Azərbaycan tarixi və coğrafiyasını, riyaziyyat, fizika və biologiyanı çox sevir. Riyaziyyat olimpiadalarında uğurla iştirak edir. Rus, ingilis və fransız dillərində sərbəst şəkildə danışır. Arzusu xarici ölkələrdən birində informasiya texnologiyaları üzrə ali təhsil almaqdır. Onun istedadı, elmə olan marağı, çalışqanlığı və axtarış həvəsi X sinif şagirdinin yeni uğurlarından soraq tutacağımıza əsas verir.