İQTİSADİYYAT
Bakı metrosunda beynəlxalq mühasibat uçotu standartlarına dair təlimlər təşkil olunub
Bakı, 24 sentyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində maliyyə departamentinin mühasib heyəti üçün beynəlxalq mühasibat uçotu standartlarına dair təlimlər keçirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərin təşkil olunmasında məqsəd müəssisənin uçot siyasətinin yenidən qurulması, bu sahədə mövcud beynəlxalq qaydaların və standartların tətbiqi, həmçinin bu standartların yerli mühasibat uçotuna uyğunlaşdırılması ilə bağlı olub.
Təlimləri bu sahədə nəzəri və praktik təcrübəsi olan “Baker Tilly Azerbaijan” şirkətinin mütəxəssisləri aparıblar.
“Bakı Metropoliteni” QSC-nin tikinti və istismar strukturları üzrə qruplar şəklində təşkil olunan təlimlər çərçivəsində mühasibat uçotu sahəsində baş vermiş yeniliklər və beynəlxalq standartların ənənəvi uçotdan fərqli xüsusiyyətləri barədə ətraflı məlumat verilib, eləcə də müvafiq beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud vəziyyət öyrənilib, qarşıda duran vacib məsələlər müzakirə edilib.
Keçirilən təlimlər praktiki nümunələr üzərində qurulub və təlim iştirakçılarının hesabatlarla bağlı praktiki sualları cavablandırılıb, həmçinin hesabatların tərtib edilməsi zamanı onların qarşılaşdıqları problemlərin həlli istiqamətində nümunələr göstərilib.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC mühasibat uçotu sahəsində çalışan işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təcrübəsinin artırılması məqsədilə mütəmadi seminar və təlimlər təşkil edir.