CƏMİYYƏT


Bakı metrosunda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı Metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti və stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis əməkdaşları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar. Polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin stansiyaların girişlərində yoxlama məntəqələrində sosial məsafəni qorumağın vacibliyi xatırladılır hərarətin ölçülməsi tətbiq edilir.

Bakı metrosunda karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 2-si saat 06:00-dək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.