İDMAN
Bakı qonaqları qarşılamaq üçün tam hazırdır VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Bakı birinci Avropa Oyunlarının loqosunu əks etdirən reklam lövhələri ilə bəzənib.
AZƏRTAC “Bakı-2015”-ə istinadla xəbər verir ki, Avropa Oyunları haqqında yerli və beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq məqsədilə indiyədək bir sıra işlər görülüb. Bunların sırasına şəhər ətrafında müxtəlif yerlərdə reklam lövhələrinin yerləşdirilməsindən təyyarələrdə “Bakı-2015”-in loqosunun əks olunmasınadək fərqli istiqamətlərdə təqdimat işləri daxildir.
“Bakı-2015”-in təqdimatı üçün hazırlanmış ən böyük reklam lövhəsi “Abşeron” mehmanxanasının binasına quraşdırılıb. Bu lövhənin hündürlüyü 60,4, eni isə 32,7 metrdir. Həmçinin paytaxtın müxtəlif yerlərdə “Bakı-2015”-in rəsmi simvollarını əks etdirən 18-dək rənglənmiş heykəllər də quraşdırılıb.
“Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinə məxsus minik avtomobilləri və mikroavtobuslarla yanaşı, 995 ədəd taksi, eyni zamanda, “Azərbaycan Hava Yolları”ına (AZAL) aid 10 təyyarədə də mötəbər yarışın loqosu əks olunub.