ELM VƏ TƏHSİL
Bakı rayonlarının şagirdləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər VİDEO
Bakı, 16 mart, Elvin Camalov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 16-da Bakı şəhərinin 12 rayonunun 40 məktəbindən 168 şagird Naxçıvan Muxtar Respublikasına yola salınıb.
AZƏRTAC xəbər verir ki, paytaxt məktəbliləri Heydər Əliyev Beynəlxalq Aeroportunda bayram əhval-ruhiyyəsi ilə qarşılandılar.
Şagirdlər üç gün ərzində Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.
Tur-aksiyanın əhəmiyyətindən danışan qrup rəhbəri Məhəmməd Əsədov bildirib ki, bu layihə gənclərin Vətənimizi daha yaxından öyrənməsində, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında və onların dünyagörüşünün artmasında mühüm rol oynayacaq.
Tur-aksiyanın iştirakçıları hər bir rayonun adı yazılan lövhəciklərin yanında toplaşaraq əyləncəli proqrama tamaşa etdilər. Foyedə “Ölkəmizi tanıyaq”, “Novruz bayramınız mübarək”, “Yaxşı yol” şüarları yazılmış banerlər quraşdırılmışdı. Budəfəki səfər Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən məktəbliləri yola salmağa bayram personajları da gəlmişdilər. Onların şən zarafatları, musiqi kollektivlərinin ifaları iştirakçılarda xoş ovqat yaratdı.
Məktəbli Nigar Əliyeva Bakının bir çox bölgələrində olduğunu, lakin Naxçıvana ilk dəfə səfər etdiyini bildirib. O deyib: “Bu layihə həqiqətən də biz gənclər üçün çox mühüm əhəmiyyət kəsb edir. Buna görə Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Naxçıvanın tarixi-mədəni abidələri ilə tanış olub fərqli gözəlliklər görəcəyim üçün çox sevincliyəm”.
Şagirdlər doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşan bu tur-aksiyanın təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdilər.
Sonra onlar bayram əhval-ruhiyyəsi ilə Naxçıvana yola salındılar.