QAN YADDAŞI
Bakı sakini: Bu gün hər bir azərbaycanlı şəhidlərin ruhu qarşısında baş əyir, özünü onlara borclu hesab edir
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-si Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən, azadlıq naminə sinələrini gülləyə sipər edən mərd oğul və qızlarımızın anım günüdür. Bu gün hər bir azərbaycanlı şəhidlərimizin ruhu qarşısında baş əyir və özünü onlara borclu hesab edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vətən uğrunda canlarını qurban verən qəhrəman oğul və qızlarımızın xatirəsini anmaq üçün Şəhidlər xiyabanını ziyarət edən Bakı şəhər sakini Aytən Müzəffərzadə deyib.
O qeyd edib ki, bu gün onlar ailəliklə Şəhidlər xiyabanına getməyi və qəhrəman Vətən övladlarının ruhuna dualar oxumağı özlərinə borc biliblər. “Bugünkü nəsil uşaqlara, gənclərə Azərbaycan xalqının başına nələrin gətirildiyini, onun azadlıq və müstəqillik uğrunda hansı sınaqlardan keçdiyini başa salmalıdır. Oğlumla, qızımla birgə Şəhidlər xiyabanını ziyarət edirik. Məhz bu mərd insanların - şəhidlərimizin əzmkarlığı, iradəsi sayəsində müstəqillik qazanmışıq”.
Bakı sakini vurğulayıb ki, məhz 20 Yanvar şəhidlərinin mübarizlik ruhu bugünkü Vətən müharibəsində böyük Qələbəmizin bünövrəsini qoyub.