CƏMİYYƏT
Bakı sakininə bıçaqla hədə-qorxu gələrək avtomobilini əlindən alan şəxs saxlanılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə əyləşən üç nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu min manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib ki, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.