CƏMİYYƏT
Bakı sakininin üzərindən odlu silah və narkotik vasitə aşkarlanıb
Bakı, 24 iyun, AZƏRTAC
Pirallahı Rayon Polis Şöbəsinə bir şəxsin əl qumbarasını satmaq məqsədilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal polis əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Taranov olması müəyyən edilib. Onun üzərinə baxış keçirilərkən satmaq məqsədilə qanunsuz saxladığı alışqanı ilə birlikdə olan bir ədəd "F-1" əl qumbarası və üç bükümdə narkotik vasitə olan marixuana aşkarlanıb.
Ətrafında aparılan tədbirlərlə S.Taranov rayon ərazisindəki qəbiristanlıqda çətənə kolları əkib-becərdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilərkən diqqət çəkməyən yerdə qurudularaq qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə aşkar edilərək götürülüb.
Ekspertiza S.Taranovun üzərindən çıxan narkotik vasitənin 3,035 qram, qəbiristanlıqdan tapılan narkotik vasitənin isə 970 qram marixuana olması barədə rəy verib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri aparılır.