SİYASƏT


Bakı sakinləri Kəlbəcərin işğaldan azad olunmasını avtoyürüşlə qeyd ediblər - FOTOSESSİYA

Bakı, 25 noyabr, AZƏRTAC 

Noyabrın 25-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması müjdəsini verdikdən sonra Bakı şəhərində avtomobil yürüşü keçirilib. Heydər Əliyev Mərkəzindən start götürən yürüş iştirakçıları paytaxtın küçə və prospektlərindən keçərək Şəhidlər xiyabanına doğru hərəkət ediblər.

Əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları tutan insanlar “Kəlbəcər azaddır”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib, Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırıblar.

AZƏRTAC xəbər verir ki, daha bir yürüş Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin qarşısından başlayaraq Şəhidlər xiyabanına, oradan da Azneft meydanına istiqamət götürüb. Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakinləri və kəlbəcərlilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar.

Yürüş iştirakçılarından bir neçəsi sevinc hisslərini AZƏRTAC-la bölüşüb.

Paytaxt sakini Reyman Ağrılı deyib: “Bu gün Azərbaycanımızın qələbəsini qeyd edirik. Qarabağın dilbər guşələrindən biri olan Kəlbəcər artıq azaddır. Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Ordumuz qısa müddətdə mənfur düşməni diz çökdürtdü. Dünya Azərbaycan Ordusunun gücünü bir daha gördü”.

Digər müsahibimiz Kənan Əsgərov qüdrətli Azərbaycan dövləti və ordusu ilə fəxr etdiyini bildirib. O, işğal altındakı ərazilərimizin azad edilməsinin tarixi hadisə olduğunu vurğulayaraq deyib: “Prezidentimiz və Ordumuz müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdılar. Əsgər və zabitlərimiz yeni qəhrəmanlıq dastanına imza atdılar. Bu gün hər kəs dövlətimiz və ordumuzla qürur duyur. Yaşasın, Azərbaycan”.

Yürüş iştirakçılarından Elvin Buruzov və Şikar Əzimov deyiblər ki, Kəlbəcərin işğaldan azad olunmasını görmək böyük xoşbəxtlikdir.

“Bu gün çox sevincliyik. Hər dəfə torpaqlarımız işğaldan azad olunanda hədsiz sevinc və qürur duyuram. Xalqımıza qələbə yaraşır. Qoy bu sevincli günlərimiz daha da çox olsun”, - deyə avtoyürüşdə iştirak edən Ramilə Vəliyeva bildirib.

Digər həmsöhbətlərimiz də Kəlbəcərin azad olunmasını daha bir şanlı zəfər kimi qiymətləndirib, Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanmasından keçirdikləri qürur hissələrini dilə gətiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.