ELM VƏ TƏHSİL
Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilib YENİLƏNİB
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.
Konfrans Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edib. O, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ümummilli Liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib. BŞTİ müdiri əldə edilmiş nailiyyətlərin məhz dövlət qayğısının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
R.Tağıyev ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla yadda qaldığını söyləyib, perspektiv məsələlərdən bəhs edib. İdarə müdiri çıxışı zamanı 2019-2020-ci tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.
BŞTİ müdiri bildirib ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qeyd edib ki, təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, dövlət tərəfindən təhsil işçilərinə göstərilən qayğı razılıqla qarşılanır və müsbət nəticələrlə müşayiət olunur. Əldə olunan uğurlar cari tədris ilində də inkişaf dinamikasının qorunub saxlayacağını deməyə əsas verir.
BŞTİ-nin keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev və 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı fikirlərini bildiriblər.
Konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. O, respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.
Nazir müavini məktəbəqəbul və şagirdlərin elektron yerdəyişməsi, məktəblilərin dərs yükü, ibtidai təhsil, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələlər barədə geniş şəkildə danışıb.
M.Vəliyeva, eyni zamanda, məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb, tövsiyələrini verib.
Tədbir bədii kompozisiya ilə yekunlaşıb.