ELM VƏ TƏHSİL


Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Tədbirdən öncə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

AZƏRTAC xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2021-2022-ci tədris ilindəki fəaliyyətindən bəhs edən “Yeni dövr, yeni çağırışlar” adlı videoçarx nümayiş olunub.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. İdarə müdiri postpandemiya dövründə qarşıda duran vəzifələrin icrası ilə əlamətdar olan yeni dövrdən irəli gələn yeni çağırışlarla yadda qalan 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb.

M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sinə istinad edərək müəyyənləşdirilmiş 4 strateji məqsəd və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

İdarə müdiri yeni dərs ilində ümumi təhsildə səriştə əsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi işində təhsil işçilərinə uğurlar arzulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

Nazir Azərbaycan Prezidentinin təhsilə olan qayğısından danışıb, sosial-iqtisadi inkişaf nəticəsində təhsilin müxtəlif istiqamətlərində əldə edilən nailiyyətlərdən bəhs edib. Bildirib ki, son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilərin daha da yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atılıb, pedaqoji heyətin peşəkar inkişafı və motivasiyası diqqət mərkəzində saxlanılıb, elmi tədqiqat potensialı müasirləşdirilib və tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib.

Emin Əmrullayev Prezident İlham Əliyevin imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncamının təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyətindən bəhs edib. Nazir, həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün təşkil olunmuş sertifikasiya imtahanlarının ilkin nəticələrini təhlil edib və bu istiqamətdə qarşıda duran perspektiv məsələləri nəzərə çatdırıb.

Daha sonra Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, təhsilverənlərin sertifikasiya imtahanından maksimum bal toplayan, 129 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Jalə Mehdiyeva, Xaricdə Təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin məzunu Cəlil Cabbarlı, bu il ali məktəblərə qəbul imtahanında pedaqoji ixtisas üzrə yüksək nəticə göstərən, paytaxtdakı 262 nömrəli tam orta məktəbin məzunu Sürəyya Quliyeva, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin məzunu və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Mehrac Quliyev çıxış ediblər.

Konfrans şagirdlərin ifasında “Gənclik himni” ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.