MƏDƏNİYYƏT


Bakı şəhərində fortepiano müəllimləri üçün ustad dərslər keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması üzrə ustad dərsləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, beş gün davam edən dərslərdə uşaq musiqi və incəsənət məktəblərinin 300-ə yaxın fortepiano müəllimi və onların yetişdirdiyi istedadlı şagirdlər iştirak ediblər.

Mərkəzin bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova qeyd edib ki, ustad dərslərin məqsədi uşaq, yeniyetmə və gənclərin qabiliyyətinin aşkar olunması və onların istedadının inkişaf etdirilməsi, böyüməkdə olan gənc nəslin mənəvi, bədii-estetik tərbiyəsinin formalaşmasında və fortepiano tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyalarının psixologiya ilə əlaqəsinin öyrədilməsi sahəsində fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasıdır.

Dərslər Azərbaycan Milli Konservatoriyasında, T.Quliyev adına 12 nömrəli, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəblərində, Bakı musiqi kollecində və yenidən əsaslı təmirdən çıxan Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbində aparılıb. Ustad dərslər çərçivəsində ilk dəfə olaraq uşaq psixologiyası və pedaqogika üzrə tanınmış alimlər, həmçinin pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov və psixologiya elmlər doktoru, professor Ramiz Əliyev tərəfindən mühazirə oxuyub. Gənc pedaqoq və bəstəkar Ülviyyə Kazımova öz bəstəsini dinləyicilərə təqdim edib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev öz çıxışında vurğulayıb ki, musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin bədii-estetik zövqünün inkişaf etdirilməsi, dünyagörüşünün artırılması və gələcəkdə istedadlı sənətkar kimi yetişməsində bədii təhsil ocaqlarımızın rolu danılmazdır.

Sonda təlimləri bitirən dinləyicilərə sertifikatlar, müəllimlərə isə diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.