RƏSMİ SƏNƏDLƏR


Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son dövrlərdə Bakı şəhərində iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi, xüsusilə də böyük sayda fərdi yaşayış evlərinin inşası şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmışdır.

Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsini tələb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin.

3. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
18.08.2022 [15:30]
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 19 yanvar tarixli 179 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 28 dekabr tarixli 695 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2011-ci il 22 noyabr tarixli 525 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin təsdiq edilməsi haqqında” 2012-ci il 21 dekabr tarixli 792 nömrəli, “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 950 nömrəli və “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı