İQTİSADİYYAT


Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxslər ayda 18 manat vergi ödəməlidirlər

Bakı, 10 noyabr, Ramiz Quliyev, AZƏRTAC 

Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində qurulub. Şəxsi avtomobili olan vətəndaşlar zəruri icazə əldə etməklə taksi xidməti göstərirlər. Taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə görə, nə qədər vergi ödəməlidirlər?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişindaşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yükdaşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Vergiödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş vergi üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, taksi ilə sərnişin daşınmasını həyata keçirən vergiödəyiciləri üzrə sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır.

Həmçinin 220.6-cı maddəyə əsasən, yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergiödəyiciləri üçün sadələşdirilmiş vergi həmin məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;

- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5;

- Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (220.6.1-ci və 220.6.2-ci maddələrdə göstərilənlər istisna olmaqla) - 1,0.

Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin aylıq məbləği 1 ədəd nəqliyyat vasitəsi üçün 18 manat (1 x 9 manat x 2 = 18 manat) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.