İQTİSADİYYAT
Bakı sərnişin stansiyasında dəmir yolu əsaslı təmir olunur
Bakı, 13 dekabr, AZƏRTAC
Bakı sərnişin stansiyasında dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin–Pirşağı–Sumqayıt istiqamətində 29,2 kilometr uzunluğunda dairəvi dəmir yolu təmir olunur. Bu gün Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq.
Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.
Xatırladaq ki, dairəvi dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 3,3 kilometri Nərimanov–Böyükşor mənzilində, 1 kilometri Bakı sərnişin stansiyasında olmaqla, cəmisi 4,3 kilometr uzunluğunda yol qoyulub, eləcə də 2 dəst yoldəyişdirici qurğu quraşdırılıb.
Qeyd edək ki, dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzilbaşına rahat və təhlükəsiz şəraitdə çatacaq.