İQTİSADİYYAT
Bakı üzrə tikintiyə icazələrin alınması sadələşdirilib: 18 prosedurdan 7 prosedura endirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Bakı üzrə tikinti obyektlərinin tikintisi və istismarına icazənin alınması proseduru 116 gündən 38 günədək azaldılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhəri üzrə tikinti obyektlərinin tikintisi və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatında komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud deyib.
Yeni sistemin üstünlüklərindən danışan R.Mahmud bildirib ki, tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması proseduru 116 gündən 38 günədək azaldılıb: “Sahibkarların xərcləri isə 4 dəfəyədək aşağı düşüb. Ötən il prosedurların sayı 18 idi, lakin yeni qaydalara əsasən, bu, 7 prosedura qədər azaldılıb. Sahibkar 15 iş günü ərzində tikintiyə icazəni əldə edə biləcək. Yeni qaydalara əsasən, 10 iş günü ərzində isə sahibkar istismara icazəni əldə edə bilər”.