ELM VƏ TƏHSİL
Bakı və Gəncədən olan müəllimlər ixtisasartırma kurslarında iştirak ediblər
Bakı, 19 dekabr, AZƏRTAC
Bakıdakı Rus Evində məktəbəqədər və xüsusi təhsil mütəxəssisləri üçün ixtisasartırma kursları keçirilib.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildiriblər.
Bakı və Gəncədən olan 60 dinləyici aşağıdakı istiqamətlər üzrə kurslar keçiblər: müasir təhsil məkanında defektologiya: nəzəri və praktik məsələlər, məktəbəqədər yaşda olan uşaqların təhsili, ontogenezdə dil qabiliyyətinin obrazlı komponentinin formalaşdırılmasının müasir strategiyaları, müasir loqopediya: nəzəriyyədən praktikaya doğru, inklüziv məktəbəqədər təhsil.
Kursların təşkilatçısı Bakıdakı Rus evinin dəstəyi ilə Moskva Dövlət Pedaqoji Universitetidir.
Universitetin müəllimləri mühazirələr, dəyirmi masalar və məşğələlərin digər interaktiv formalarını keçiblər.
Peşəkar dialoq zamanı məktəbəqədər təhsilin aktual məsələləri və uşaqlara loqopedik yardımın göstərilməsi, xüsusi təhsilə ehtiyacı olan uşaqlarda inklüzivlik və psixi-pedaqoji müşayiət problemləri müzakirə olunub.