ELM VƏ TƏHSİL


Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək. Saat 11:00-da başlanacaq imtahan 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Namizədlər imtahana buraxılış vərəqəsi və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni DİM-in saytında yerləşdirilmiş linkə daxil olaraq çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd: Bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötənilki imtahan nəticəsinə görə, 509 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.