CƏMİYYƏT
Bakı və Naxçıvanda hərbi sursatlar aşkar edilib VİDEO




Bakı, 18 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda hərbi sursat aşkarlanması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd RQ-42 əl qumbarası və partladıcısı, bir ədəd PQ-7 70 millimetrlik qumbaratan mərmisinin partladıcısı, 10 ədəd 12 millimetrlik tüfəng mərmisi, 15 ədəd 9x18 millimetrlik, 12 ədəd 9x19 millimetrlik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45 millimetrlik avtomat mərmisi olduğu müəyyənləşdirilib.
Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Bundan əlavə, 112 - qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Naxçıvan şəhərində aşkarlanmış bir ədəd 85 millimetrlik kameralı zirehdələn top mərmisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri tərəfindən müvafiq qaydada ərazidən götürülərək kənarlaşdırılıb.