ELM VƏ TƏHSİL


Bakı və Pekinin media dünyası: nailiyyətlər və perspektivlər müzakirə olunub YENİLƏNİB

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Bakı və Pekinin media dünyası: nailiyyətlər və perspektivlər” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Çində qeyd olunan jurnalist gününə və Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı gününə həsr edilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov KİV sahəsində Azərbaycan-Çin əlaqələrinin səmərəli inkişaf etdiyini bildirərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı iki ölkə arasında televiziya və radio yayımı sahəsində əməkdaşlığa dair imzalanan sazişlərdən söz açıb. O, həmçinin xatırladıb ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu agentliyin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirib, turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolu olduğunu da qeyd edib.

ADU-nun Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı zəngin mütərəqqi və şanlı ənənələrə malik, əsası böyük maarifçi və naşir Həsən Bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan milli mətbuatının tarixi və müasir vəziyyəti haqqında danışıb. O qeyd edib ki, Azərbaycan milli mətbuatı xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynayıb.

Nərgiz Qurbanlı vurğulayıb ki, bu gün mətbuatın demokratik vətəndaş cəmiyyətinin qurulmasına, iqtisadi və sosial islahatların həyata keçirilməsinə, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsinə, milli şüurun və siyasi mədəniyyətin formalaşmasına göstərdiyi təsir danılmazdır.

Tədbirdə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları KİV sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafının əsas mərhələlərindən, Çin mətbuatının tarixi, hazırkı vəziyyəti və inkişaf perspektivlərindən, Çin jurnalistikasının cəmiyyətdəki rolundan, habelə ölkənin aparıcı informasiya agentliklərinin fəaliyyətindən danışıblar.

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.