REGİONLAR


Bakı və Qubada "Qafqazda yəhudi tarixini xatırlayarkən" adlı proqram təşkil olunub

Bakı, 14 mart, AZƏRTAC

Martın 10-dan 12-dək Azərbaycan, Almaniya və Gürcüstandan olan təhsil işçiləri üçün "Qafqazda yəhudi tarixini xatırlayarkən" mövzusunda təlim seminarı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına Azərbaycanda yaşayan yəhudi xalqının tarixi, irsi, ənənələri, mədəniyyəti barədə ətraflı məlumat verilib, eləcə də yeni təlim vasitələrindən istifadə etməklə praktiki məşqlər keçirilib.

Təlim seminarının ilk günündə təhsil və icma inkişafı sahəsində ixtisaslaşan “Resource HUB”ın direktoru Gülnara İsmailova, Yaradıcı İnkişaf Mərkəzinin nümayəndəsi (Gürcüstan) Teona Dalakişvili və Almaniyanın "Centropa" proqramının meneceri Maksimilan von Şoeler iştirakçılara seminar barədə ətraflı məlumat veriblər.

Daha sonra İsrailin və Almaniyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri çıxış edərək iştirakçıları salamlayıb, bu cür proqramların keçirilməsinin vacibliyini qeyd ediblər.

Təlim seminarı səfirliklərin nümayəndələrinin iştirakı ilə panel müzakirələrdə davam edib.

Seminar çərçivəsində tədqiqatçı Yulia Oreşina tərəfindən onlayn mühazirə təşkil olunub və Qafqazdakı yəhudi xalqının tarixi barədə geniş məlumat verilib.

İştirakçılar Bakıda yerləşən Aşkenazi yəhudilərinin sinaqoqunda keçirilən Şabbat mərasiminə də qatılıblar.

Seminarda Azərbaycan və Gürcüstanda yaşayan yəhudilərin həyatını əks etdirən sənədli filmin premyerası da baş tutub.

Proqram iştirakçıları Quba rayonuna səfər edərək 2020-ci ildə orada açılmış

Dağ Yəhudiləri Muzeyində də olublar. Bildirilib ki, XIX əsrə aid Karcoq sinaqoqunda yerləşən muzey Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzeydir.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "Qafqazda yəhudi tarixini xatırlarkən" mövzusunda təlim seminarı ölkələrarası yəhudi irsini araşdıran Centropa Yəhudi İnstitutunun Berlin ofisi və onun ölkəmizdəki tərəfdaşı olan “Resource HUB” tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.