ELM VƏ TƏHSİL
Bakı və Romanın şəhər landşaftları öyrənilir

Bakı, 3 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” qrant layihəsi icra olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Bakı və Roma şəhərlərində torpaqdan istifadənin müvəqqəti və məkan dəyişiklikləri öyrənilib. Tədqiqatın ilkin nəticələrinin Roma şəhərinə tətbiq edilməsi İtaliyanın Milli Tədqiqat Mərkəzi ilə Coğrafiya İnstitutu arasında əməkdaşlığın əsasını təşkil edir. Landsaft 8 peyk məlumatlarının istifadəsi və eyni təsnifat metodologiyaları ilə Roma və Bakı şəhərlərinin su keçirməyən və keçirən səthlərinin xəritəsi də hazırlanıb.
İtaliyanın Milli Tədqiqat Mərkəzi və Coğrafiya İnstitutunun Roma və Bakı şəhərlərində yer örtüyünün məsafədən zondlama və coğrafi informasiya sistemləri üzrə birgə layihəsi 2 mərhələdən ibarət olmaqla 2020-2023-cü illəri əhatə edir.
Layihənin əsas məqsədi məsafədən zondlama metodikasından istifadə etməklə Bakı və Romanın şəhər landşaftlarını öyrənməyə və inkişaf etdirməyə yönəlib.