CƏMİYYƏT


Bakı və Sumqayıt şəhərləri üzrə internat məktəblərində maarifləndirici tədbirlər təşkil olunub

Bakı, 19 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fevralın 4-dən 19-na kimi Bakı şəhəri üzrə 1, 2, 3, 4, 6, 8, 9, 10, 11, 12 saylı internat məktəbləri və Sumqayıt şəhərində inteqrasiya təlimli internat tipli gimnaziyalarda sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbirlər keçirib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tədbirlərdə çıxış edən İSİM-in monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva şagirdləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırıb. O bildirib ki, hər kəs ictimai səhiyyə mütəxəssisləri tərəfindən səsləndirilən tövsiyələrə riayət edərək sağlamlığını qoruya və gələcəkdə infarkt, insult, şəkərli diabet, yüksək qan təzyiqi, xərçəng kimi xəstəliklərə tutulma ehtimallarının qarşısını ala bilər.

İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova, səhiyyə siyasəti və planlaşdırma şöbəsinin meneceri Günay Quluzadə təqdimatlarla çıxış edərək, tütünçəkmə, narkotik maddələrdən istifadə kimi zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirləri, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadları iştirakçıların nəzərinə çatdırdılar.

İSİM-in mütəxəssisləri – Tacirə Mahmudova, Elnarə Nuriyeva, Ləman Vəliyeva iştirakçıları erkən yaşlardan başlayaraq, orqanizmin sağlamlığının qeydinə qalmağa, gün ərzində fiziki aktiv olmağa, yol təhlükəsizliyi qaydalarına riayət etməyə çağırdılar.

Tədbirlər sağlamlıq imkanları məhdud olan uşaqlar arasında da keçirilib. Belə ki, eşitmə qabiliyyəti olmayan uşaqlara işarə dili tərcüməçisi vasitəsilə, gözdən əlil və zəif görən uşaqlar üçün isə əl ilə hiss edilə bilən şəkillər üzərindən təlimlər aparılıb.

Tədbirlərin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırılıb və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.