CƏMİYYƏT
Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib
Bakı, 22 may, AZƏRTAC
Atmosfer havasının keyfiyyəti insan səhhətinə təsir göstərən amildir. Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn irimiqyaslı layihələr icra olunur. Buna nümunə kimi şəhərin mərkəzində köhnəlmiş sənaye müəssisələrinin ləğv edilməsi, onların yerində gözəl istirahət məkanları, parkların salınmasını göstərmək olar.
Keyfiyyət göstəricilərini yüksəltmək üçün Bakı şəhərinin sürətlə yaşıllaşdırılması çox effektiv üsullardan biridir. Nazirlik tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Paytaxt sakinləri də bu prosesə fəal cəlb edilir. Belə ki, bu il yaz ağacəkmə kampaniyası zamanı əhaliyə 305 mindən çox ağac tingi paylanılıb. Bütün bunlar şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mayın 22-də keçirilən mətbuat konfransında deyib.
"Görülən tədbirlərə baxmayaraq, dünyanın iri şəhərlərinə xas olan hava keyfiyyəti problemləri Bakı şəhəri üçün də səciyyəvidir. Burada iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın sayının çox olması atmosfer havasına öz mənfi təsirini göstərməkdədir.
Qeyd etmək lazımdır ki, atmosfer havasının keyfiyyəti daim nəzarətdə saxlanılır. Bu məqsədlə mütəmadi olaraq monitorinq keçirilir, istehsal sahələrinə müvafiq göstərişlər verilir. Belə ki, may ayında Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib.
Paytaxtın Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu rayonlarında aparılan monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub. Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur.
Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti-quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdır.
Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır.
Nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel prospekti, 20 Yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatın fəaliyyətindən olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir. Digər ərazilərlə müqayisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyətinin təsiri ilə bağlıdır. Zavodun ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə müqayisədə daha yüksək olub.
Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazilərdə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürülüb və azot-4 oksid, kükürd qazı, dəm qazı, toz və aromatik karbohidrogenlərin - benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol təyini üzrə analizlər aparılıb. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər.
Sumqayıt şəhərində də analoji monitorinqlər həyata keçirilib. Nəticədə Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub.
Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlilin nəticələrinə əsasən Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu, bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tətbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür", - deyə departamentin direktoru qeyd edib.
U.Tağıyeva nazirliyin atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirləri davam etdirdiyini də diqqətə çatdırıb.