İQTİSADİYYAT
Bakıda 21-ci Beynəlxalq İnşaat Sərgisi açılıb
Bakı, 21 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində 21-ci Beynəlxalq İnşaat Sərgisi (BakuBulid 2015) açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov tədbiri açaraq ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf və tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib. Respublikada dayanıqlı, sabit inkişafın təmin olunduğunu vurğulayan nazir müavini deyib ki, dövlətin əsas prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafına dəstək verməkdir. Azərbaycanda biznes mühiti üçün hər cür şərait yaradılıb. Ölkədə tikinti sektorunun da sürətlə inkişaf etdiyini söyləyən N.Səfərov bildirib ki, bu sahədə daxili tələbatın yerli istehsalın hesabına ödənilməsi məqsədilə yeni müəssisələr açılır, tikinti materiallarının istehsalı genişləndirilir.
Qeyd olunub ki, 21-ci Beynəlxalq İnşaat Sərgisi regionda ən böyük sərgidir. Burada 160-a yaxın yerli şirkət özünün istehsal etdiyi çoxçeşidli məhsullarını nümayiş etdirir. Bu, xarici şirkətlərlə tərəfdaşlıq baxımından xüsusi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov sərginin ilbəil genişləndiyini, iştirakçıların isə sayının artdığını diqqətə çatdırıb. “Sərgidə dünyanın 30 ölkəsindən 530-dan artıq şirkətin təmsil olunması isə ilk növbədə ölkəmizə xüsusi maraqdan irəli gəlir”, - deyə sədr müavini bildirib.
Vurğulanıb ki, bu sərgi respublikamız üçün uğurlu bir ilə - ilk Avropa Oyunlarına təsadüf edib. Azərbaycan ilk Avropa Oyunlarının təşkilatçısı kimi öz potensialını nümayiş etdirərək, qısa zaman kəsiyində möhtəşəm idman qurğularını və müasir infrastruktur yaradıb. Bununla da Azərbaycan öz qüdrətini və dinamik inkişafını bütün dünyaya sübut edib.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo 21-ci Beynəlxalq İnşaat Sərgisində artıq 3-cü dəfədir iştirak etdiyini və digər illərlə müqayisədə italyan şirkətlərinin sayının xeyli artdığını söyləyib. Belə ki, hazırda sərgidə 80-dən artıq İtaliya şirkəti öz məhsullarını təqdim edir. Bu şirkətlər sərgi çərçivəsində milli qrup şəklində birləşiblər.
Səfir həmçinin vurğulayıb ki, Azərbaycan İtaliyanın ən böyük tərəfdaşlarından biridir. Xüsusilə də energetika sahəsində ölkələrimiz arasında mühüm layihələr və işbirliyi mövcuddur.
Sərgidə çoxsaylı yerli şirkətlərin də iştirakını sevindirici hal kimi qiymətləndirən Ciampaolo Kutillo müxtəlif tikinti materiallarının istehsalı sahəsində qabaqcıl texnologiyaya malik İtaliya şirkətləri ilə əməkdaşlığın Azərbaycanda sürətlə gedən tikinti sektorunun inkişafına böyük səmərə verəcəyinə əminliyini ifadə edib.
Oktyabrın 24-nə kimi davam edəcək sərginin təşkilatçısı qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.