CƏMİYYƏT
Bakıda “40 pillə” restoranının karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi məlum olub VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Paytaxtın Səbail rayonu ərazisində Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları həmin kafeyə yollanıblar. Baxış zamanı kafedə 8 müştərinin olduğu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılıblar.
Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər. Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq olunub.