İQTİSADİYYAT
Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 17-18-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rusiya Federasiyasının “Skolkovo” Fondu ilə birgə ilk dəfə “Açıq İnnovasiyalar üzrə Startap Turu” (Open Innovations Startup Tour) çərçivəsində tədbirlər keçirəcək.
“Skolkovo” texnoparkının nümayəndələrinin, startapların, biznes qurumlarının təmsilçilərinin iştirak edəcəyi tədbirin əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, artıq 4 ildir keçirilən bu tur Rusiya, eləcə də MDB məkanında texnoloji mədəniyyətin populyarlaşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üzrə irimiqyaslı tədbir hesab edilir. Cari ildə bu turun 14 şəhərdə, o cümlədən Bakıda keçirilməsi planlaşdırılır. Startap turu çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcək. Müsabiqəyə təqdim ediləcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab olunur.
Tur startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platformadır.
Müsabiqədə iştirak etmək istəyən startapçı https://startup-tour.ru/ru/page/competition ünvanında qeydiyyatdan keçərək "Mən müsabiqədə iştirak etmək istəyirəm" seçimini edib, ərizə formasını doldurmalı, şəxsi kabinet bölməsində layihə təqdimatlarını yükləməlidir.
Müsabiqədə birinci yerin qalibi mükafatla yanaşı, “Skolkovo” texnoparkında təşkil olunacaq “Startup Village” startap-konfransında iştirak hüququ əldə edəcək. İkinci və üçüncü yerləri tutan qaliblər isə digər mükafatlara layiq görüləcək.
Bakı Biznes Mərkəzində roud-şou formatında keçiriləcək tədbirdə iştirak etmək istəyənlər aprelin 10-dək https://startup-tour.ru/register/ru ünvanında qeydiyyatdan keçməlidir.
Startap turu ilə bağlı məlumatlar mütəmadi olaraq “startup-tour.ru” saytında yerləşdiriləcək.