SİYASƏT
Bakıda Alman Birliyi Gününün 26 illiyi qeyd edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı – Alman Birliyi Gününün 26 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.
Səfir Mixael Kindsqrab tədbirdə çıxış edərək Alman Birliyi Gününün tarixindən, ölkələrimiz arasında mövcud əlaqələrdən danışıb. Diplomat Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb, gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib. Səfir diplomatik fəaliyyəti müddətində əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əlamətdar gün münasibətilə alman xalqını Azərbaycan hökuməti adından təbrik edib. O, ölkələrimiz arasında bir çox istiqamətlərdə əlaqələrin genişləndiyini diqqətə çatdırıb, xüsusilə iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb.