SİYASƏT


Bakıda Almaniyanın milli bayramı qeyd edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı – Alman Birliyi Günü münasibətilə qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.

Səfir Mixael Kindsqrab tədbirdə çıxış edərək Alman Birliyi Gününün tarixindən danışıb.

Ölkələrimiz arasında əlaqələrdən söhbət açan səfir bir çox sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, Almaniyanın Federal Kansleri Angela Merkelin bu ilin avqustunda Azərbaycana rəsmi səfərinin əhəmiyyətindən söz açıb, ölkələrimiz arasında siyasi dialoqun hökumətlər, parlamentlər səviyyəsində davam etdiyini vurğulayıb.

Diplomat iqtisadiyyat və mədəniyyət sahələrində də əlaqələrin inkişaf etdiyini söyləyib. O əlavə edib ki, Almaniya Cənub Qaz Dəhlizini dəstəkləyir, Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. Azərbaycanda alman investisiyalarının həcmi artmaqdadır. Səfir, həmçinin Azərbaycanda alman dilinə marağın çox olmasından məmnunluğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomat hazırkı status-kvonun qəbuledilməz olduğunu deyib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov əlamətdar gün münasibətilə alman xalqını Azərbaycan Hökuməti adından təbrik edib. O deyib ki, Azərbaycanda əsrlərlə mövcud olan tolerantlıq xalqlarımız və ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələri üçün münbit zəmin yaradıb. Buna bir misal da XIX əsrin əvvəllərində almanların Azərbaycanda məskunlaşmalarıdır.

Nazir müavini ölkələrimiz arasında bir çox istiqamətlərdə əlaqələrin genişləndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, xüsusilə Kansler Angela Merkelin Azərbaycana səfəri bu əlaqələrin inkişafını daha da sürətləndirəcək. O, beynəlxalq təşkilatlarda da ölkələrimizin uğurla əməkdaşlıq etdiyini bildirib. Ticari əlaqələrin artdığını bildirən Xələf Xələfov Angela Merkelin səfəri zamanı iş adamları ilə keçirilən görüşün əhəmiyyətini də qeyd edib.

Xələf Xələfov vurğulayıb ki, Azərbaycan Almaniya və onun Avropa İttifaqındakı tərəfdaşlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün əllərindən gələni əsirgəməyəcəyinə ümidvardır.

Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.