ELM VƏ TƏHSİL


Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakı, 16 oktyabr, P.İmanova, AZƏRTAC

Oktyabrın 20-də “Hilton Bakı” otelində “Education USA” mərkəzinin, ABŞ-ın ölkəmizdəki səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə Amerika universitetlərinin təhsil sərgisi keçiriləcək. Sərgidə ABŞ-da təhsil, bu ölkənin bir sıra universitetləri, müxtəlif mübadilə və təqaüd proqramları barədə məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Amerika universitetlərinin təhsil sərgisinə həsr olunan mətbuat konfransında səsləndirilib.

Tədbirdə “Education USA” mərkəzinin mütəxəssisləri Leyla Həmidova və Sevinc Hüseynova sərgi barədə məlumat veriblər. Bildirilib ki, sərgi xaricdə təhsil almaq istəyənlərə ABŞ-ın doqquz universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa ünsiyyət imkanı yaradır. Həmçinin sərgidə ali məktəb və mübadilə proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat veriləcək.

Diqqətə çatdırılıb ki, “Education USA” Azərbaycan ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin bu ölkədə ali təhsil almasına yardım edir. “Education USA” ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və bu ilin yanvarından Azərbaycanda 1500-dən çox insana xidmət göstərib.

ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin nümayəndəsi Mehdi Hüseynquliyev bildirib ki, sərginin təşkilinin məqsədi ABŞ-da təhsil almaq istəyənləri bu ölkənin təhsil sistemi, müxtəlif proqramları barədə məlumatlandırmaq və azərbaycanlı gənclərin xaricdə təhsil almasına imkan yaratmaqdır.

Sərgidə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.