CƏMİYYƏT
Bakıda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral avtomobil yolunun kənarındakı geniş sahədə ağacəkmə aksiyası keçirilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı, ASAN könüllüləri də iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib və əkin üçün hazır vəziyyətə gətirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı Abşeronun iqliminə uyğun 3000-dən çox Eldar şamı, kiparis və digər ağaclar əkildi. İcra hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma sisteminin quraşdırılması nəzərdə tutulub və əraziyə cavabdeh şəxslər müəyyən olunub.
Anım gününə həsr edilən ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da təşkil olunub.